Xəbərlər
AzTU-da YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib

AzTU-da YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müşavirə keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələr, qurultayda səsləndirilən prioritet istiqamətlər və onların həyata keçirilməsi ilə bağlı müşavirə keçirilib.
Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Müşavirədə AzTU-nun rektoru Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, “Hüseyn Cavid 25” ünvanı üzrə (AzTU) ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev və AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekan müavini Amin Məmmədov çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayının Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olduğu vurğulanıb. Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi fikirlər diqqətə çatdırılıb, ölkənin inkişaf strategiyası, qarşıda duran hədəflər və partiyanın fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi xəttin əsasını dövlətçilik ənənələrinin qorunması, milli maraqların təmin olunması, Azərbaycanın davamlı inkişafı və cəmiyyətin rifahının yüksəldilməsi təşkil edir.
Müşavirədə YAP-ın VIII Qurultayında qəbul edilmiş qərarların və qarşıya qoyulmuş vəzifələrin mahiyyəti geniş şəkildə müzakirə olunub.
Tədbirdə ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, Azərbaycanın sosial-iqtisadi inkişafı, gənclərin ictimai-siyasi həyatda iştirakı və onların təşəbbüskarlığının artırılması məsələlərinə də xüsusi diqqət yetirilib. Vurğulanıb ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də onların intellektual potensialının və biliklərinin inkişaf etdirilməsi mühüm vəzifələrdəndir.
Universitetdə tələbə və gənclərlə işin səmərəli təşkili, onların ictimai fəallığının artırılması və müxtəlif təşəbbüslərinin dəstəklənməsi məsələləri də müzakirə olunub. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin, gənclərin ictimai proseslərə daha fəal cəlb olunmasının və qarşıya qoyulan vəzifələrin icrasına sistemli yanaşmanın vacibliyi qeyd edilib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
AzTU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib

AzTU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri ilə görüş keçirilib.
Görüşün məqsədi tələbələrin təhsil tələbə kreditləri barədə məlumatlılığını artırmaq, onların ali təhsil imkanlarından daha səmərəli yararlanmalarına dəstək göstərmək olub.
Tədbirdə çıxış edən TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin əməkdaşı Kifayət Lələzadə tələbələrə təhsil tələbə krediti barədə ətraflı məlumat verib. O, fondun fəaliyyət istiqamətləri, təhsil tələbə kreditlərinin verilmə şərtləri, müraciət qaydaları və kreditlərdən yararlanmaq imkanları haqqında danışıb.
Görüş zamanı tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və təhsil tələbə kreditlərinin əlçatanlığının artırılması məsələlərinə toxunulub.
Həmçinin TTKF-yə müraciət prosesi və tələb olunan sənədlərlə bağlı da tələbələrə ətraflı məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazandılar

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazandılar
4–9 oktyabr tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərində Ş. Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində Xəzəryanı ölkələrin Universitetləri və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının təşkilatçılığı ilə “Xəzər Oyunları” (Caspian Games) beynəlxalq idman tədbiri keçirilib.
Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistanın ali təhsil müəssisələrini təmsil edən idmançıların qatıldığı yarışda Azərbaycan Texniki Universitetinin (AzTU)
nümayəndə heyəti də iştirak edib. Boks müəllimi İsgəndər Rizayevin rəhbərliyi ilə AzTU-nun 7 tələbəsi yarışda mübarizə aparıb.
AzTU tələbələri Murad Mehtili, Asiman Allahyarlı, Ayan Allahverdiyeva, Leyla Ələkbərova, Vüsal Cəlilov, Əlabbas Abdullayev və Aqşin Əlizadə Azərbaycanı və universiteti uğurla təmsil ediblər.
Yüngül atletika, voleybol, futzal, basketbol, üzgüçülük, karate-do, boks, şahmat və kibersport növləri üzrə keçirilən yarışda AzTU tələbələri bir qızıl, iki bürünc medal qazanıblar:
Aqşin Əlizadə — şahmat üzrə 1-ci yer (qızıl medal);
Ayan Allahverdiyeva — şahmat üzrə 3-cü yer (bürünc medal);
Asiman Allahyarlı — boks üzrə 74 kq çəki dərəcəsində 3-cü yer (bürünc medal).
AzTU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov müəllimləri peşə bayramları münasibətilə təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Prorektor müəllimlərin universitetin tədris və elmi fəaliyyətinin inkişafında, eləcə də tələbələrin gələcək peşəkar mütəxəssislər kimi formalaşmasında mühüm rolunu qeyd edib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin müdiri Elnur Sadıqov çıxış edərək müəllimlərin cəmiyyətin inkişafında və gənc nəslin yetişdirilməsində xüsusi xidmətlərindən danışıb. O, müəllim əməyinin daim yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb və tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.
Tədbirin əsas hissələrindən biri universitetin ictimai və mədəni həyatında fəal iştirak edən 21 müəllimin fəxri fərmanla təltif olunması olub. Təltif olunan müəllimlərin universitet həyatına verdikləri töhfələr, fəallıqları və müxtəlif təşəbbüslərdə iştirakları xüsusi qeyd edilib. Fəxri fərmanlarla təltif olunan müəllimlərin fəaliyyəti, həmçinin universitetdə Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) təşviqinə və həyata keçirilməsinə verdikləri töhfələr baxımından da əhəmiyyət daşıyır.
Rəsmi hissədən sonra müəllim və tələbələrin ifasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından müxtəlif səhnələr təqdim olunub. Təqdim olunan musiqili nömrələrdə və tamaşada AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalları da iştirak ediblər.
AzTU THİK fəalları Zəfər parkının ziyarətində iştirak ediblər

AzTU THİK fəalları Zəfər parkının ziyarətində iştirak ediblər
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin kollektivi Zəfər parkını ziyarət edib. Ziyarətdə AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin kollektivi və fəalları da iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
AzTU THİK fəalları abituriyentlərə ixtisas seçimi və sənəd qəbulu prosesində dəstək göstəriblər

AzTU THİK fəalları abituriyentlərə ixtisas seçimi və sənəd qəbulu prosesində dəstək göstəriblər
AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalları Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzində abituriyentlərin ixtisas seçimi və sənəd qəbulu prosesinə yaxından dəstək veriblər.
Fəallar abituriyentlərə elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi ilə bağlı müraciətlərin yönləndirilməsində, prosesin daha rahat və operativ təşkilində iştirak ediblər.
AzTU Abituriyent Məsləhət Mərkəzi abituriyentlərə ödənişsiz xidmət göstərir. Mərkəz avqustun 15-i və 16-da — şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 17:30-dək fəaliyyət göstərəcək.
AzTU THİK-in təşkilati dəstəyi ilə “Baku Crystal Hall”da AzTU-nun Məzun Günü keçirilib

AzTU THİK-in təşkilati dəstəyi ilə “Baku Crystal Hall”da AzTU-nun Məzun Günü keçirilib
“Baku Crystal Hall”da Azərbaycan Texniki Universitetinin (AzTU) təntənəli Məzun Günü keçirilib. Tədbirin təşkilində AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsi yaxından iştirak edib.
AzTU THİK-in 100 könüllü tələbəsi tədbir zamanı giriş-çıxışların tənzimlənməsi, təhlükəsizliyin təmin olunması və ümumi təşkilati proseslərin həyata keçirilməsinə dəstək göstərib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də iştirak edib.
Məzun Günü Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra AzTU-da həyata keçirilən layihələri və tələbələrin uğurlarını əks etdirən videoçarx nümayiş olunub.
AzTU-nun rektoru professor Vilayət Vəliyev çıxışında bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 4000 tələbənin universiteti bitirdiyini bildirib, məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən qonaqlar məzunları təbrik edib, onlara uğurlu karyera və parlaq gələcək arzulayıblar. Məzunlar adından çıxış edən Fatimə Bədəlzadə tələbəlik illərində qazandıqları bilik və təcrübənin gələcək həyatları üçün mühüm əsas yaratdığını vurğulayıb.
Çıxışlardan sonra AzTU-nu yüksək ümumi orta müvəffəqiyyət göstəricisi ilə bitirən, həmçinin universitetin ictimai-sosial həyatında fəal iştirak edən məzunlara fəxri fərman və hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.
AzTU komandası Tələbə Basketbol Liqasının çempionu oldu

AzTU komandası Tələbə Basketbol Liqasının çempionu oldu
Azərbaycan Texniki Universitetinin (AzTU) Basketbol Klubu Tələbə Basketbol Liqasının çempionu olub.
Bakı İdman Sarayında keçirilən final qarşılaşmasında AzTU komandası Azərbaycan İdman Akademiyasının (AİA) komandası ilə mübarizə aparıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən həlledici oyunda AzTU komandası yüksək əzmkarlıq, peşəkar oyun və güclü komanda ruhu nümayiş etdirərək rəqibini 20 xal üstünlüklə məğlub edib (AzTU-90-AİA-70).
Final qarşılaşmasını izləyənlər arasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AzTU-nun rektoru Vilayət Vəliyev və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev də olub. Onlar qalib komandanı qələbə münasibətilə təbrik edib, növbəti oyunlarda da uğurlar arzulayıblar.
Magistratura üzrə respublika birincisi Cəmilə Yusifova AzTU-nu seçdi

Magistratura üzrə respublika birincisi Cəmilə Yusifova AzTU-nu seçdi
2026/2027-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında 99 balla respublika birincisi olan Cəmilə Yusifovanın seçimi Azərbaycan Texniki Universiteti (AzTU) olub. O, ixtisas seçimi zamanı kodlaşdırmada yalnız AzTU-nun kibertəhlükəsizlik ixtisasını seçib.
AzTU-nun rektoru Vilayət Vəliyev Cəmilə Yusifova ilə görüşüb. Tələbəyə uğurlar arzulayan rektor AzTU-nun Kibertəhlükəsizlik kafedrasının fəaliyyətindən, həmçinin kibertəhlükəsizlik sahəsində görülən işlər və həyata keçirilən yeniliklərdən danışıb.
Öz növbəsində Cəmilə Yusifova qeyd edib ki, respublika birincisi olmaq onun ən böyük hədəflərindən olub. Daha sonra o, kibertəhlükəsizlik istiqamətində kadr hazırlığı həyata keçirən universitetlərin fəaliyyətini araşdırıb və AzTU-da təhsil almaq qərarını verib.
Qeyd edək ki, Cəmilə Yusifova Prezident təqaüdçüsüdür.


